Ana səhifə » Praktik məsləhətlər » Polisdə qeydiyyatdan keçmə

Polisdə qeydiyyatdan keçmə

Handwriting on paper with a Career Success brochure

Birləşmiş Krallığa gəlib çatanda, siz polis məntəqəsində qeydiyyatdan keçməli ola bilərsiniz.

Qeydiyyatdan keçməyə ehtiyac var?

Əgər sizin polis qeydiyyatından keçməniz vacibdirsə, bu barədə sizin pasportunuzda müvafiq qeyd (adətən möhür və ya yapışdırılmış etiket şəklində) olacaq. Vətəndaşları polis qeydiyyatından keçməli olan ölkələrin siyahısı Birləşmiş Krallığın Sərhəd Agentliyi (UKBA) internet səhifəsində təqdim edilir.

Qeydiyyatdan nə cür keçmək olar?

  • Adətən Birləşmiş Krallığa gəlib çatandan sonra 7 gündən gec olmayaraq qeydiyyatdan keçməniz lazımdır. Əgər bunu etməyiniz tələb olunursa, bunu etməməyiniz cinayət kimi qiymətləndiriləcək.
  • Bəzi məktəb, kollec və ya universitetlər akademik şəhərciklərdə tələbələrinin polis qeydiyyatından keçməsi üçün xüsusi şərait yaradırlar. Əks halda, siz yerli polis məntəqəsinə müraciət edərək qeydiyyatdan keçməlisiniz.
  • Qeydiyyatdan keçmək üçün, siz adətən Polisdə Qeydiyyat Sertifikatını doldurmalı və bunun üçün özünüzlə aşağıdakıları da təqdim etməlisiniz:
    • Pasportunuz və vizanız
    • Qeydiyyat rüsumu (£34 funt təşkil edir və adətən nağd pul ilə ödənilməlidir)
    • Pasport ölçüsündə iki fotonuz
    • Birləşmiş Krallıqda təhsil aldığınızı təsdiq edən sənəd (məsələn, təhsil müəssisənin sizə göndərdiyi təklif məktubu)
    • Birləşmiş Krallıqdakı ünvanınızı sübut edən sənəd (məsələn, kirayə müqaviləsi, hesab və ya ödəniş barədə bank çıxarışı).
  • Sizə verilən sertifikatı özünüzdə saxlamalı və lazım gələndə təzələməlisiniz.
  • Əgər nə etməli olduğunuzdan əmin deyilsinizsə məktəb, kollec və ya universitetinizdə müvafiq şəxslər ilə məsləhətləşin.

Hər hansı dəyişikliklər barəsində polisin xəbərdar edilməsi

Birləşmiş Krallıqda qaldığınız müddət ərzində, aşağıdakı dəyişikliklərdən hər hansı biri baş verərsə, siz 7 gündən gec olmayaraq polisə bu barədə xəbər verməlisiniz:

  • Ünvanınızın dəyişməsi
  • Məktəb, kollec və ya universitetinizin dəyişməsi
  • Ailə vəziyyətinizin dəyişməsi və ya uşağınızın doğulması
  • Birləşmiş Krallıq Sərhəd Agentliyinin icazəsi ilə qalma müddətinin uzadılması
  • Pasportunuzun dəyişilməsi
  • Qeydiyyata alındığınız ünvanda 8 və ya daha çox həftə ərzində olmayacağınız.

Problemlər yaranarsa, nə etməlisiniz?

Əgər sizə məlum olarsa ki, siz polis qeydiyyatından keçməli olduğunuz halda bunu etməmisiniz və ya hər hansı dəyişiklikləri nəzərə alaraq sertifikatınızı təzələməmisiniz, dərhal polis məntəqəsinə gedərək vəziyyəti onlara izah edin. Əgər səbəb xəstəliyiniz olmuşdursa, həkiminizdən arayış gətirin. Sertifikatınızı itirmisinizsə, polisə xəbər verərək, yeni sertifikat almaq üçün ərizə ilə müraciət edin.

Birləşmiş Krallığın tərk edilməsi

Əgər siz Polisdə Qeydiyyat Sertifikatı almısınızsa, Birləşmiş Krallığı təhsiliniz müddətində son dəfə tərk etməzdən əvvəl bu barədə polisə xəbər verməlisiniz. Məktəb, kollec və ya universitetiniz də bunu sizin yerinizə edə bilər. Əks halda, polis məntəqəsi ilə özünüz əlaqə saxlayın.